Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur.
"Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır.
Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür.
Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır.
Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s.
Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.